Bakı. AzerPress:
Bölgədə sülhə gedən yol 1967-ci il sərhədləri çərçivəsində müstəqil Fələstin dövlətinin yaradılmasından keçir.
AzerPress xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İSEDAK) Daimi Komitəsinin 39-cu Nazirlər Sessiyasının açılış proqramında çıxışı zamanı deyib.
“Qurani-Kərimin yandırıldığı 500-dən çox anti-İslam hücumu olub. Qərb cəmiyyətlərində İslamafobiyanın bu cür geniş şəkildə yayıldığı halda heç bir tədbir görülmür. Fikir azadlığı adı altında nifrət cinayətləri törədilir. İslam düşmənçiliyinə qarşı birgə mübarizə aparmağımız vacibdir. Biz beynəlxalq platformalardan istifadə edərək bu cür cinayətlərə qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Qəzza zolağında ölənlərin sayı 15,5 min nəfəri keçib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.