Bakı,AzerVoice
Banqladeşdə cümə günü başlayan yeni etirazlar zamanı iki nəfər ölüb, yüzdən çox adam yaralanıb.
AzerVoice xəbər verir ki, paytaxt Dəkkə şəhərinin bəzi yerlərində toplaşan 2000-dən çox etirazçı baş nazir Şeyx Hasinanın hökumətinə qarşı nümayiş keçirib.
Dəkkənin Uttara məhəlləsində polislə tələbələr arasında toqquşma baş verib. Təhlükəsizlik qüvvələri daş atan nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə ediblər.
Polisin gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməsi nəticəsində 50 nəfər yaralanıb.
Yerli mənbələrin məlumatına görə etirazçılar tərəfindən hücuma məruz qalan bir polis məmuru öldürülüb.
Ölkənin cənub-şərqindəki Çattoqram şəhərində 1000-ə yaxın etirazçı cümə namazından sonra yürüş edib və yol kənarındakı polis mühafizə postunu yandırıb.
Qeyd edək ki, etirazlar Hasinanın 15 illik hakimiyyəti üçün əhəmiyyətli bir problemə çevrilib.