Bakı, AzerVoice
Sentyabrın 9-da Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu öz işinə başlayıb.
AzerVoice xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra “Heydər Əliyev və təhsil” mövzusunda videoçarx nümayiş olunub.
Tədbirin moderatoru, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov bu günü Azərbaycanın tarixində əlamətdar hadisələrdən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlı alimlərin iştirakı ilə keçirilən forum Azərbaycanın gücünün və birliyinin ifadəsidir.
Ölkəmizin müstəqillik tarixindən və inkişaf yolundan danışan R.Hüseynov respublikamızın öz istiqlal yolunu və xəttini seçməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib. Vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycanı daha da möhkəmləndirdi, dövlətimizin regionda və dünyada nüfuzu daha da gücləndi.
Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən söz açan akademik qeyd edib: “Vətən müharibəsində Zəfərimiz dünyanın müxtəlif yerlərinə səpələnmiş azərbaycanlıları bir-birinə daha da yaxınlaşdırdı. Dünyanın 51 ölkəsində 561 diaspor təşkilatımız vardır. Təşkilatlanma çox mühüm addımdır. Bu Foruma çoxdandır hazırlıq gedir. Alimlərimizin ürəyi həmişə Azərbaycanın yanındadır”.
Akademikin sözlərinə görə, azərbaycanlı alimlərin birliyi ölkəmizin zəka gücünün artması deməkdir.
Sonra çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, xaricdə yaşayan Azərbaycan alimlərinin iştirakı ilə elmimizin səviyyəsinin artırılması, yeni dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi zamanın tələbidir.
ADA Universitetinin fəaliyyətindən danışan rektor rəhbərlik etdiyi ali təhsil ocağının səmərəli yol keçərək yeniliklər yaratdığını qeyd edib və bildirib ki, bu yol asan olmayıb. Onun sözlərinə görə, sovet dövründə ölkəmizdə elm və təhsil çox yaxşı inkişaf etdirildi. Bakı Dövlət Universitetinə xaricdən alim və mütəxəssislər cəlb edildi. Dəqiq elmlər sahəsində də mütəxəssislərə ehtiyac vardı və bu ehtiyac SSRİ-dən olan alimlərin hesabına yerinə yetirilirdi.
Rektor bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələr kimi elm və təhsil sahəsində də yeniliklərin tətbiq edilməsi zərurəti yarandı.
“Elm çox cəlbedici bir sahədir. Azərbaycan elminin səviyyəsinin yenidən qalxması, peşəkar kadrların yetişdirilməsi üçün nələri etmək lazım olması barədə düşünmək lazımdır. Hazırda çox istedadlı gənclərimiz yetişir. Həmin gənclərin elmimizə, təhsilimizə töhfə verəcəklərindən əminik”, – deyə Hafiz Paşayev qeyd edib.
ADA-nın rektoru Azərbaycan elminin, təhsilinin nüfuzunun daha da artırılması üçün alimlərimizdən təkliflər gözlədiyini də əlavə edib.
Əməkdar elm xadimi, Münxen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, dünyaşöhrətli azərbaycanlı alim Məsud Əfəndiyev qeyd edib ki, forumun təşkilində məqsəd Azərbaycan elminin inkişafına töhfə vermək, peşəkar və gənc alimlər arasında körpü yaratmaqdır.
Alim Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, elmimizin yüksək səviyyədə inkişaf etdirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. “Xalqımızın inkişafına əlimizdən gələn qədər töhfə verməyə hazırıq”, – deyə azərbaycanlı alim qeyd edib.
Forumda Azərbaycan elminin inkişaf etdirilməsi istiqamətində maraqlı müzakirələrin aparılacağına əminliyini diqqətə çatdıran elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, tədbir çərçivəsində ən vacib məqam Azərbaycandan kənarda yaşayan alimlərimizlə inteqrasiya