Əsas səhifə » Bakı və İrəvan arasında danışıqlar yolunda irəliləyiş əldə etmək şansı xeyli çoxalıb – Elçin Əmirbəyov

Bakı və İrəvan arasında danışıqlar yolunda irəliləyiş əldə etmək şansı xeyli çoxalıb – Elçin Əmirbəyov

Aytac Suleymanova

Bakı. AzerPress:

Bakı və İrəvan arasında danışıqlar yolunda irəliləyiş əldə etmək şansı xeyli çoxalıb.

AzerPress xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniya milli teleradiosuna (ERR) müsahibəsində deyib.

O, Azərbaycan və Ermənistanın nümayəndə heyətlərinin sonuncu görüşünün 20 noyabr 2023-cü il tarixində keçirildiyini qeyd edib.

banner

“Görüş iki ölkənin sərhədində keçirildi, çünki sərhəd xətti hələ müəyyənləşdirilməlidir. Bu nümayəndə heyətlərinə hər iki tərəfin baş nazir müavinləri rəhbərlik edir, kommunikasiyaların bərpa olunmasına görə də onlar cavabdehlik daşıyırlar. Son altı ay ərzində danışıqlar müxtəlif səbəblərdən keçirilməyib, belə ki, tərəflərin “vasitəçilər”, yəni danışıqların keçirilməsinə şərait yaradan tərəflərlə bağlı sualları yaranırdı”, – E.Əmirbəyov deyib.

O, çox yaxın zamanda danışıqların növbəti raundunun keçiriləcəyini və Azərbaycan tərəfindən tərtib olunan və Ermənistana ilk dəfə bir ildən bir qədər əvvəl təqdim olunan bu sülh sazişi layihəsinin müzakirəsinin bərpa olunacağına ümid etdiyini bildirib.

“İki tərəf arasında razılaşmanın mətni üzrə fiziki danışıqlar olmadığından layihələrin mübadiləsi davam edir, yəni tərəflərdən hər biri sazişin növbəti layihəsində öz rəy və düzəlişlərini təqdim edir. Biz Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra danışıqlar yolunda irəliləyiş əldə etmək şansının xeyli çoxaldığına inanırıq və bu cür düşünən təkcə biz deyilik”, – E.Əmirbəyov deyib.

Onun sözlərinə görə, 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində sülh yoluna ən böyük maneəni – Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan ərazisində qanunsuz yerləşməsini – aradan qaldırmaq mümkün oldu.

“Artıq, 15 min hərbi qulluqçu ərazimizi tərk etdikdən sonra bu mövzu artıq aktual deyil. Bu səbəbdən artıq sülh sazişinin açıq qalan hissələrinin razılaşdırılmasını başa çatdırmalıyıq”, – deyə E.Əmirbəyov əlavə edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice