Bakı,
AzerVoice
Donald Trampın H1-B viza proqramını dəstəklədiyi ilə bağlı son
açıqlamaları həm ABŞ daxili siyasətində, həm də qlobal miqyasda
maraqla qarşılanıb.
AzerVoice xəbər verir ki, ilk prezidentlik dövründə H1-B vizalarını məhdudlaşdıran və xarici işçilərin gətirilməsinə qarşı sərt siyasət yürüdən Trampın indi bu proqramı açıq şəkildə dəstəkləməsi diqqət çəkir. O, H1-B proqramını faydalı adlandıraraq, bu vizaların ABŞ iqtisadiyyatında müsbət addım olduğunu vurğulayıb.
Trampın, SpaceX və Tesla kimi texnologiya nəhənglərinin rəhbəri Elon Maskla bu mövzuda həmfikir olması Respublikaçılar arasında fikir ayrılığını daha da dərinləşdirib. Mask H1-B vizalarını ABŞ iqtisadiyyatına və texnologiya sahəsinə faydalı hesab edir. Maskın mövqeyi, böyük texnologiya şirkətlərinin ABŞ-a bacarıqlı işçi qüvvəsi cəlb etmək ehtiyacına cavab verir.
Respublikaçılar arasında isə bu məsələ ilə bağlı ciddi fikir ayrılığı var. Keçmiş Ağ Ev müşaviri Stiv Bennon kimi şəxslər H1-B proqramını "Qərb sivilizasiyası üçün təhlükə" olaraq görürlər. Bu isə Trampın Respublikaçı elektoratını iki yerə bölmə potensialını artırır.
Qeyd edək ki, H1-B vizası, xarici işçilərin ABŞ-a gətirilməsini tənzimləyən əsas mexanizmlərdən biridir. Bu proqram yüksək ixtisaslı mütəxəssislərin ABŞ-da işləməsinə imkan yaradaraq, iqtisadi inkişafı dəstəkləyir. Vizanın sahibinə daha sonra yaşıl kart üçün müraciət etmək imkanı verilməsi də onu diqqətçəkən edir.