Əsas səhifə » Terrorun hər növü ilə mübarizəyə davam edirik - Fahrettin Altun

Terrorun hər növü ilə mübarizəyə davam edirik - Fahrettin Altun

Bakı, AzerVoice

Türkiyə olaraq terrorun hər növü ilə mübarizəni qətiyyətlə davam etdirəcəyik.

AzerVoice xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Direktoru Fahrettin Altun, PKK/KCK terror təşkilatına qarşı mübarizənin hər üsul ilə davam etdiyini vurğulayıb.

Altun, Rusiyanın vasitəçiliyi ilə Türkiyə və Suriya arasında əldə olunan son vəziyyətlə bağlı sualı cavablandırarkən, Türkiyənin Suriyada böhranın həllində mühüm rol oynadığını qeyd edib. O vurğulayıb ki:

"Suriyanın ərazi bütövlüyünü təmin etmək, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq suriyalıların liderliyi ilə siyasi prosesi irəlilətmək və onların təhlükəsiz, könüllü qayıtması üçün uyğun şərait yaratmaqda qərarlıyıq."

Altun əlavə edib ki, bu proses Suriyanın problemlərinin köklü səbəblərini həll etməklə yanaşı, tərəflər arasında həqiqi dialoqu dəstəkləməlidir.

TBMM Ədliyyə Komissiyasının dövlət sirlərinə qarşı cinayətlərlə bağlı qəbul etdiyi yeni qanun təklifinin xarici media və QHT-lərə təsiri barədə suala cavab verən Altun, Türkiyənin terrorla mübarizə sahəsində qaydalara riayət etdiyini vurğulayıb.

Altun, PKK/KCK-nın beynəlxalq səviyyədə terror təşkilatı kimi tanındığını xatırladaraq, onun insan haqları və demokratiya anlayışlarını istismar etdiyini bildirib. O, təşkilatın uşaqları qaçırdığını, qadınları radikallaşdıraraq intiharçı kimi istifadə etdiyini və mülki insanları hədəf almaqdan çəkinmədiyini vurğulayıb. Altun, TUSAŞ-a qarşı törədilən terror aktını xatırladaraq, bu hücum nəticəsində 5 nəfərin həyatını itirdiyini qeyd edib.

"İraq hökumətinin PKK/KCK-nı qadağan etmək qərarını dəstəkləyirik və bu mübarizədə onlarla əməkdaşlığımızı davam etdirəcəyik," – deyə Altun əlavə edib.

Altun, beynəlxalq sistemin islahata ehtiyacı olduğunu vurğulayıb və G20-nin qlobal problemlərə həll tapmaqda daha fəal rol oynaya biləcəyini qeyd edib.

"G20 yoxsulluq, ərzaq təhlükəsizliyi, qeyri-qanuni miqrasiya və enerji məsələlərində daimi həllər hazırlaya bilər. Türkiyə, həmişə olduğu kimi, bu təşəbbüslərdə üzərinə düşəni edəcək və beynəlxalq sistemin idarə olunmasında rol oynamağa davam edəcək."

Digər Kateqoriyalar

2024 © Azervoice