Əsas səhifə » Azərbaycan və Türkiyə bayrağı ilə dövrə vuran dünya çempionumuz: “Borcum idi”

Azərbaycan və Türkiyə bayrağı ilə dövrə vuran dünya çempionumuz: “Borcum idi”

Laman Asadli

Bakı. AzerPress:

“Yarış Azərbaycanda keçirildiyi üçün tam məsuliyyətlə hazırlamışdıq. Məqsədimiz Azərbaycan bayrağını dalğalandırmaq idi”.

Bunu İdman.biz saytına Bakıda keçirilən güləş üzrə hərbçilərin dünya çempionatında qızıl medal qazanan İbrahim Yusubov (92 kq) deyib.

O bildirib ki, final görüşündən sonra xalçanı üçrəngli bayrağımızla yanaşı, Türkiyə bayrağı ilə dövrə vurmasından qürur duyub: “Finalda qardaş ölkə idmançısı ilə qarşılaşdım. Bilirdim ki, o da qalib gəlsə, Azərbaycan bayrağını yüksəklərə qaldıracaq. Biz qardaş ölkə, iki dövlət bir millətik. Bu səbəbdən Türkiyə bayrağını ucalara qaldırmaq borcum idi. Bununla da qürur duyuram”.

banner

Yusubovun sözlərinə görə, mundial yüksək səviyyədə təşkil olunub və ən güclü güləşçilər Bakıda iştirak edir: “Doğma publika önündə məsuliyyət ikiqat olur. Həm tamaşaçılarımız qarşısında güləşirik, həm də hərbçilərimizi təmsil edirdik. Sevinirik ki, bayrağımızı zirvələrə, layiqli olan yerə qaldırdıq. Rəqiblərimin hər biri güclü idi. Bu gün güləş bütün dünyada inkişaf etdiyi üçün zəif rəqib yoxdur. İndiyə qədər heç bir ölkədə hərbçilərin dünya çempionatı belə yüksək səviyyədə təşkil olunmayıb. Əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan yığması çempionatın ilk gününü 4 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.


İdman.biz

Digər Kateqoriyalar

2023 © AzerVoice