Bakı. AzerPress:
Naxçıvan – Türkiyə – Avropa marşrutu və “Cəbrayıl” enerji qovşağı sayəsində elektrik enerjisinin Ermənistan yaxud İran üzərindən Naxçıvana, oradan Türkiyə və Avropaya ötürülməsi ölkələrimizin enerji təchizatında strateji əhəmiyyətini artıran perspektivlərdir.
AzerPress xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutan “Yaşıl enerji və smart city” mövzusundakı panelində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə vasitəsilə “yaşıl” enerji dəhlizinin böyük bir strateji layihə kimi reallaşdırılması üçün Cəbrayılda inşa olunmuş 330 kilovoltluq yarımstansiya və elektrik verilişi xətlərinin eynilə Naxçıvanda tikilməsi, bu enerji sistemlərinin inteqrasiyası, Türkiyə ilə sərhəddə çevirici yarımstansiyanın tikintisi qarşıda duran məsələlərdir.
“Həmçinin, Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizi Mərkəzi Asiyadan elektrik enerjisinin Azərbaycan vasitəsilə ixracının daha bir potensial istiqaməti ola bilər. Belə ki, hazırda Qazaxıstan və Özbəkistandan “yaşıl” enerjinin Azərbaycandan keçməklə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə Avropaya nəqli üzrə üçtərəfli əməkdaşlıq edilir. Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizinin reallaşması isə Mərkəzi Asiya ölkələrinin ixrac imkanlarını şaxələndirməklə yanaşı, türk dövlətlərinin “yaşıl” enerji əməkdaşlığına da töhfə vermiş olar”.
Nazir qeyd edib ki, türk şirkətləri ilə “yaşıl” enerji, enerji səmərəliliyi kimi sahələrdə geniş əməkdaşlıq, Türkiyənin təcrübəsi ölkəmiz üçün çox önəmlidir:
“Belə ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında Azərbaycan 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinə nail olunmasının orta illik tempinin 2 faizdən 4 faizə yüksəldilməsi üzrə “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd” birgə təşəbbüsünə qoşulub. İnanıram ki, “yaşıl” enerji də daxil olmaqla bütün sahələrdə yeni investisiya imkanları münasibətlərimizin yüksələn xətt üzrə inkişafını təmin edərək ölkələrimizi strateji hədəflərinə daha da yaxınlaşdıracaq”.