Əsas səhifə » Anadolu necə fəth edildi?

Anadolu necə fəth edildi?

admin

Bakı, AzerPress

1048-ci ildə Həsənqala zəfərindən sonra Anadoluda yayılmağa başlayan türkmənlər 1059-cu ildə Sivas və Malatyanı tutdular. 1064-cü ildə Alparslan Qarsı fəth etdi. 1067-ci ilə qədər Kayseri, Niksar və Konya fəth edildi.

Afşin bəy 1068-ci ildə Anadoludan keçərək İstanbul boğazına qədər gəldi. Türkmənlər Anadolunun şərq və orta hissələrinə yayılsalar da, bura hələ onlar üçün təhlükəsiz bir yer deyildi.

Çünki türkmənlərin nizami Bizans ordularına qarşı vuruşmağa gücü yox idi. Buna görə də Bizans qoşunları onların üzərinə gəldiyi zaman türkmənlər Qafqaza çəkilməli olurdular.

banner

Bundan əlavə, Anadoluda fəth edilə bilməyən çoxlu istehkam və qalalar var idi. Qalaları mühasirədə saxlamaq üçün kifayət qədər silahı olmayan türkmənlər üçün bu yerləri tutmaq çox çətin idi. Digər tərəfdən isə , Səlcuqlu orduları türkmənləri qorumaq üçün həmişə Anadoluya gələ bilmirdi.

26 avqust 1071-ci ildə qazanılan Malazgirt zəfəri Bizans ordusunu və müqavimətini darmadağın edərək Anadolunun qapılarını sona qədər türkmənlərin üzünə açdı.

Bizansın aldığı bu böyük zərbə türkmənlərin Anadoluya axın etməsinə şərait yaratdı. Malazgirt qələbəsindən sonra əsir düşmüş Bizans imperatoru Romanos Diogenis ilə Alparslan arasındakı müqavilə yeni Bizans imperatoru tərəfindən pozuldu. Bunun üzərinə Alparslan Anadolunun fəthini Artuk bəyə tapşırır.

Alparslanın ölümündən sonra Artuk bəy İrana çağırıldıqdan sonra onun yerinə Tutak bəy gəldi.

Lakin əsl uğur Alparslana qarşı taxt-tac uğrunda gedən döyüşlərdə şəhid olan Kutalmış oğulları sayəsində əldə edildi.

Alparslanın oğulları ilə qardaşları arasında taxt-tac uğrunda gedən mübarizə zamanı İranda əsirlikdə olan Kutalmış oğulları qaçaraq Anadoluya gəldilər. Anadoluya atalarına və Alparslanın qaynı Elbasana bağlı olan Yabqulu türkmənləri və İbrahim Yinala bağlı tayfalar da gəlmişdi.

Bunlar İranda taxt-tac uğrunda apardıqları mübarizədə uğur qazana bilməyən küskün oğuzlar idi və Səlcuq nəslindən hakimiyyətə gələcək birini gözləyirdilər.

Kutalmışoğlu Süleyman Şah bu türkmənlərin başçısı oldu və qısa müddət ərzində Orta Anadoludan İznikə qədər olan əraziləri ələ keçirərək Türk Səlcuqlu Dövlətini qurdu.

Bu dövlət Böyük Səlcuqlara tabe deyildi və onların arasında düşmənçilik də var idi. Alparslanın oğlu Məlikşah Kutalmışoğlunun qurduğu bu dövləti dağıtmaq üçün Bizansla əməkdaşlıq etdi, lakin ölümündən sonra cəhdi nəticəsiz qaldı.

Türklər Anadoluda türk Səlcuqları ilə yanaşı bir sıra bəyliklər qurdular. Artuk bəyin oğulları Şərqi və Cənub-Şərqi Anadoluda (Diyarbəkir-Mardin-Elazığ-Hasankeyf), Saltuk bəy (Ərzurum), Danişmənd Qazi (Sivas-Amasya-Tokat) və Mengücek Qazi (Ərzincan-Divriği) öz bəyliklərini qurdular və həmin bölgələrin türkləşməsini təmin etmişdir.

Lakin onların heç biri çox böyümədi və bu bəyliklər vaxtında Səlcuqlar tərəfindən ilhaq edildi.

Mənbə, ERHAN AFYONCU (SORULARLA OSMANLI İMPARATORLUǦU)

Digər Kateqoriyalar

2023 © AzerVoice