Bakı,AzerVoice
Amerika Birləşmiş Ştatları (ABŞ), Böyük Britaniya, Fransa və Almaniyanın ardınca Avropa İttifaqı İranı Ukraynaya müdaxilədə istifadə etmək üçün Rusiyaya yaxın mənzilli ballistik raketlər verməkdə ittiham edib.
AzerVoice xəbər verir ki, Moskva bu silahlarla Ukraynalı mülki şəxsləri və şəhərləri hədəf alıb.
“Avropa İttifaqı Rusiyanın Ukrayna xalqına qarşı terror kampaniyasına verdiyi dəstəyə güclü cavab verəcək”,- deyə bildirilib.
Aİ-nin xarici siyasət üzrə komissarı Josep Borrell Aİ-nin cavab tədbirləri çərçivəsində artıq Aİ-yə üzv dövlətlərə bir sıra mühüm tədbirlər təqdim edib.
Brüsselin bu reaksiyası ABŞ dövlət katibi Antoni Blinkenin Londonda Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə birlikdə Tehrana qarşı yeni sanksiyalar tətbiq edəcəyinə söz verməsindən sonra gəlib.
Qeyd edək ki, İngiltərə, Fransa və Almaniyanın xarici işlər nazirləri birgə bəyanatla çıxış etmiş, İran və Rusiyanın prosesi “eskalasiya etdiyi” və bu vəziyyətin Avropanın təhlükəsizliyinə birbaşa təhdid yaratdığı bildirilmişdi.
Üç ölkənin İranla ikitərəfli hava əlaqəsi müqavilələrinin ləğvi də daxil olmaqla, bir sıra əks tədbirləri nəzərdən keçirəcəyi, ballistik raket proqramı və Iran Air aviaşirkətinin aktivlərinin sanksiyalara məruz qalacağı gözlənilir.