Əsas səhifə » ABŞ-da səfərdə olan Ərdoğan ikitərəfli görüşlər keçirib

ABŞ-da səfərdə olan Ərdoğan ikitərəfli görüşlər keçirib

Narmin Ağayeva

Bakı, AzerVoice

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Atlantika Şurasının dövlət və hökumət başçılarının iclasında iştirak edib və sammit çərçivəsində ikitərəfli görüşlərini davam etdirib.

AzerVoice xəbər verir ki, sammitin keçirildiyi Walter E. Konqres Mərkəzinə gələn Ərdoğanı ABŞ prezidenti Co Bayden və NATO baş katibi Yens Stoltenberq qarşılayıb. Qarşılamadan sonra NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları ailəvi şəkil çəkdiriblər.

Sammit çərçivəsində ikitərəfli görüşlərini də davam etdirən Türkiyə prezidenti əvvəlcə Yunanıstanın baş naziri Kiriakos Miçotakisini qəbul edib. Görüşdə Xarici Işlər Naziri Hakan Fidan və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri səfir Akif Çağatay Kılıç da iştirak edib. Ərdoğan Türkiyənin Yunanıstanla mehriban qonşuluq prinsipi əsasında həmrəylik ruhunu inkişaf etdirmək səylərini davam etdirdiyini və bunun getdikcə artacağına inandığını deyib: “Ukrayna və Fələstindəki münaqişələrin sona çatması üçün müsbət səylər artırılmalıdır. Bu coğrafiyalarda sülhün hökm sürməsi üçün bütün region ölkələrinin çalışması faydalı olacaq”.

banner

İtaliyanın baş naziri Corcia Meloni ilə görüşündə Ərdoğan iki ölkə arasında münasibətlərin atılacaq addımlarla inkişafa təkan verəcəyini söyləyib, həmçinin Türkiyənin bölgədəki gərginliyi sülh yolu ilə sona çatdırmaq üçün əlindən gələni etdiyini və bütün dövlətlərin də bu istiqamətdə səy göstərməli olduğunu bildirib.

Almaniya kansleri Olaf Şolz ilə görüşündə Ərdoğan İsrailin Qəzzaya hücumları və Ukrayna-Rusiya müharibəsini müzakirə edib, həmçinin atəşkəs üçün İsrailə təzyiq edilməli olduğuna da diqqət çəkərək, Türkiyənin Avropa İttifaqına üzvlük prosesini canlandırmaq üçün Almaniyadan dəstək gözlədiklərini əlavə edib.

Qeyd edək ki, sonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun və xanımı Əminə Ərdoğan ABŞ prezidenti Co Baydenin Ağ Evdə ölkə başçıları və onların həyat yoldaşlarının şərəfinə təşkil etdiyi şam yeməyində də iştirak edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice